Madrid, 10 noyabr, AZƏRTAC
Məlum olduğu kimi, Avropa İttifaqı ölkələri arasında əldə olunan razılaşmaya əsasən, son aylarda baş verən qaçqın axınını tənzimləmək üçün qaçqınlar ölkələr arasında bölüşdürülür. İspaniya artıq bu plana uyğun olaraq ona ayrılmış kvota üzrə ilk 12 nəfər qaçqını qəbul edib.
Roma-Madrid təyyarəsi ilə gələn 11 eritreyalı və 1 suriyalı qaçqına İspaniyada sığınacaq verilib. Əvvəlcə bu şəxslərin 19 nəfər olacağı gözlənilsə də, 7 qaçqın İspaniyaya uçmaqdan imtina edib və yalnız Almaniyaya getmək istədiklərini bildirib.
İspaniya ilin sonunadək 854 nəfəri bu proqram üzrə qəbul etməlidir. Onlar Yunanıstan və İtaliya ərazisinə gəlib çıxa bilmiş qaçqınlar olacaq. Aralıq dənizini keçərək birbaşa İspaniyaya gəlmiş qaçqınlar isə bu kvotaya daxil deyil.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid