Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycanı Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” komandası yeni mövsümün hazırlığına başlayıb. Komandamız Rusiyanın Karaçay Çerkez Respublikasında yerləşən Terskol qəsəbəsində təlim-məşq toplanışına start verib.
AZƏRTAC xəbər verir ki, 21 gün davam edəcək ilk hazırlıq mərhələsində 25 boksçu və 5 məşqçi iştirak edir. Toplanışda əsas məqsəd boksçuların fiziki hazırlığının artırılmasıdır.
Xatırladaq ki, WSB liqasında yeni mövsüm gələn ilin yanvarında başlayacaq.
“Baku Fires” “D” qrupunda Özbəkistan, Qazaxıstan və Puerto-Riko klubları ilə mübarizə aparacaq. Komandamız ötən mövsüm 1/4 final mərhələsində Meksikanın “Mexico Guerreros” klubuna məğlub olub. “Baku Fires” klubunun üzvlərindən Albert Səlimov (60 kq) Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanıb. Abdulqadir Abdullayev isə (91kq) son dünya çempionatında bürünc medala yiyələnib.