Xalid Kazımlı: “Hamımızı lövhənin qarşısına yığıb döydü” – MƏKTƏB İLLƏRİ

Xalid Kazımlı: “Hamımızı lövhənin qarşısına yığıb döydü” – MƏKTƏB İLLƏRİ
18:44 11 Noyabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

“Bütün kənd bilirdi ki, bir birimizi sevirik”

“Yeni Müsavat”da bayram bayrama qarışıb. Ötən gün 26 yaşını qeyd edən redaksiya bu gün qəzetin köşə yazarı və musavat.com-un redaktoru Xalid Kazımlının doğum gününü qeyd edir.

 

Lent.az-ın “Məktəb illəri” layihəsinin bugünkü qonağı daməhz Xalid bəydir. Məktəbə 1972-ci ildə gedib. Oktyabrda. Füzulinin Aşağı Seyidəhmədli kəndində.

- Məktəbə getməyə yaşım çatmırdı. Yeddi yaşım noyabrda tamam olacaqdı. Qırx günlük çək-çevirdən sonra atam məcbur qalıb məktəbin direktoru Bahadır müəllimi razı saldı. Oktyabrda ilk dəfə məktəbə getdim. Sinif müəlliməm cavan qadınıydı. Kübra müəllimə. Çox gənc idi. Universiteti yeni bitirib gəlmişdi. Bəlkə də biz onun ilk sinfi idik. Olduqca qayğıkeş, ciddi müəlliməydi. Bizi döyməzdi. Üzünü bozardan kimi özümüzü yığışdırardıq. Məktəbə gec getməyimə baxmayaraq, Kübra müəllimə mənə kömək elədi və mən tezliklə proqrama çatdım. Məni həddən artıq çox istəyirdi. Elə indi də. Həm də uzaqdan uzağa qohumluğumuz çatır. Hərdən rastlaşırıq. Xeyirdə, şərdə.

 

- Xalid Kazımov necə şagird olub?

 

 

- İbtidai sinfi əla qiymətlərlə oxusam da, beşinci sinifdən sonra bəzi fənləri ümumiyyətlə oxumamışam. Məndə orta meyar yoxdu. Ya pis oxumuşam, ya yaxşı. Fizikanı bir təhər oxuyurdum. Riyaziyyatdan, kimyadan çox zəif idim. Bunu hələ də özümə bağışlaya bilmirəm. Ədəbiyyat, coğrafiya, tarixi əla bilirdim. Humanitar fənlərə görə barmaqla göstərilsəm də, dəqiq elmlərə görə danlanırdım. Jurnalist Araz Bayramovun anası müəlliməm idi. Fizika keçirdi. Mən də ona satirik divar qəzet çıxarırdım. Karikaturalarını da özüm çəkirdim, felyetonlar yazırdım, lətifələr uydururdum. Çox bəyənilirdi. Bəzən qəzeti divardan cırıb aparırdılar. Bənövşə müəllimə bir dəfə orda çəkdiyim karikaturanı görmüşdü. Şəkil beləydi ki, müəllim şagirdə cavab verir, uşaqda sual işarəsi kimi müəllimin qarşısında əyilib. Sinfə girən kimi dərsi danışmağa birinci məni qaldırdı. Mən də dərsi bilmirdim. Özümdən asılı olmadan sual işarəsi kimi dayanmışammış. “Bax, özünü çəkmisən!”, dedi. Məktəb həyatımız maraqlı keçib. Yarışlar, müsabiqələr, tədbirlər, yaradıcılıq gecələri keçirərdik. Sinfimiz yaxşı oxuyan idi. Bilik müsabiqələrində udsaq da, futbolda paralel sinfə daim uduzardıq. On oyundan yeddisini onlar udardı, üçünü təsadüfən biz.

 

Parta yoldaşı həm də ən yaxın dostu olub.

 

 

- Hümbətlə on il bir partada əyləşdik. Qardaş kimiydik. Sözübütöv, etibarlı yoldaş idi. Qeybət eləməz, kiminsə dalınca danışmazdı. Hazırda Gəncədə yaşayır, universitetdə biologiyadan dərs deyir.

 

Ümumiyyətlə, sinifləri mehriban olub. Hümbətdən başqa Fərahim, Fuadlar, Hicran, Elçinlə də dostluq ediblər.

 

- Məktəb illərində ən sevimli müəlliminiz kimiydi?

 

 

- Əhəd müəllim. Ədəbiyyat dərsi deyərdi. Onun qədər gözü-könlü tox adam tanımıram. Kənddə hamı onun başına and içərdi. Atamın da əmisi oğluydu, həm də qonşumuz. Humay, Aftandil müəllimləri də çox sevərdim. Vəzir müəllimim vardı. Zamin Hacının atası. Mənə dərs deməsə də, “zavuç”umuz idi. Çox gözəl insanıydı. Bədən tərbiyəsi müəllimimiz vardı, Teyyub müəllim. Harada görsə, boynumu qucaqlayır. Sevimli müəllimlərim çoxdu. Bizim dövrdə şagird - müəllim münasibəti bugünkü kimi deyildi. Müəllim müəllim idi, şagird də şagird. Otuz ildən çox keçsə də, günü bu gün də onlarla rastlaşanda müəllimin yanında artıq-əskik hərəkət ola bilməz. Xətir - hörmətləri var.

 

Xalid hoca bu sualdan çox yayınmağa çalışsa da, alınmır. Məktəb illərindəki sevgi-məhəbbətdən soruşuruq. “Bu məsələlərin üstündən keçsək, yaxşıdı”, desə də...

 

 

- İki sinif balacaydı məndən. Bütün kənd bilirdi bir-birimizi sevdiyimizi. Camaatın dilindəydik. Bizdə beləydi, sevdiyim qızla yanaşı gedirdim, küçədə rastlaşmışıqsa, dayanıb söhbət edərdik. Camaatın gözü qarşısında. Atam yanımızdan keçəndə, görürdü oğlu kimləsə söhbət edir, görməməzliyə vurardı. Sonra bu münasibətləri inkişaf etdirmək olmur. Bir az ayılırsan, ayrı adamlar görürsən, araya başqaları girir və ayrılıqlar baş verir. Təbii ki, uşaqlıq idi. Uzun illərdən sonra xoş xatirə kimi xatırlayırsan.

 

- Dərsdən qaçmısınız?

 

- Çox! Amma adətən xoşlamadığım dərslərdən icazə alardım. Biclik edirdim. Hansı dərsdən icazə alacam, həmin gün dərsi mütləq hazırlaşırdım, deməsinlər ki, dərsi bilmir deyə qaçır. Tamara müəllimin dərsində çox vaxt belə edirdim. Dərsi danışıb aradan çıxırdım.  

 

- Bəs döyülmüsünüz?

 

- Səkkizdə oxuyurduq. Bir gün Əmir müəllim nəyə görəsə bizim hamımızı döydü. Oğlanları təbii ki. Düzdü lövhənin qarşısına. Hətta uşaqlardan biri lövhədə dərs danışırdı. Bizə qatıb onu da sillələdi. Duman adlı oğlan vardı. Ömründə əlini qaldırıb, lövhəyə çıxmamışdı. Həmin gün “müəllim kim dərsi bilir” soruşanda qorxusundan ilk dəfə əlini qaldırdı. Bir tək ona sillə dəymədi. Qalan hamımızı döydü. Zabilin böyük qardaşı vardı. Səyyad. Zabil sinifdən qaçıb pəncərədən müəllimi qardaşıyla hədələdi. Dərs qurtardı, biz pəjmürdə, pərt halda sinifdən çıxanda gördük ki, Əmir müəllim Zabili yanına çağırıb dilə tutur ki, qardaşına heç nə deməsin: “Sən nə danışırsan? Mən sənin əminəm. Səyyadla mən qardaşam. Nə edirsən elə, amma qardaşına demə” (Gülür). Səyyad kənddə hörmətli oğlanıydı. Hiss olunurdu ki, üz-üzə gəlmək istəmir. Hələ də uşaqlarla görüşəndə, deyib gülürük.

 

“Məktəb illəri”, deyəndə Məqsəd müəllim yadına düşür.

 

- Anamın əmisi oğlu bizim məktəbdə işləyirdi. Məqsəd müəllim riyaziyyat dərsimiz boş olanda əvəz edərdi. Çox acımasız, sərt müəllimiydi. Uşaqlar ondan çox qorxardı. Qohuma, yada baxmazdı. İntizamsız uşağı döyərdi. Yaxımızdan tutub yuxarı qaldırardı. Onda çox qorxardıq. Elə olurdu, qorxumdan onun dərsinə girmirdim. Savadlı müəllim, mehriban insan idi. Bir neçə il əvvəl maşınla gələndə yol polisi müfəttişi məni saxladı. Sənədlərimi təqdim elədim. Baxdı, soruşdu, Füzulinin hansı kəndindənsən? Dedim, Aşağı Seyidəhmədlidən. Soruşdu, Məqsəd müəllimi tanıyırsanmı? Dedim, tanıyıram: “Mənə dərs keçib, həm də anamın doğmaca əmisi oğludu”. Sənədlərimi özümə qaytardı, dedi, “salam deyərsən”. Dedim, rəhmətə gedib. Çox güman ki, onun şagirdlərindən idi. Uşaq vaxtı məni döyən Məqsəd müəllimə görə məni cərimələmədi.

 

Füzuli işğal olunduğundan sinif yoldaşlarıyla pərəm-pərəm düşüblər.

 

 

- Hərəsi bir yerdədi. Qohum olanlarla xeyirdə-şərdə rastlaşırıq. Fətəli adında sinif yoldaşımız şəhid oldu. 92-ci il, iyunun iyirmi səkkizində. Birinci sinifdən bizimlə oxusa da, sonradan sinifdə qaldı və bizdən bir sinif aşağı oxumuşdu. Fətəli həm kəndimizin, həm də məktəbin ilk şəhididi. Təzə evlənmişdi. Bir uşağı da vardı. Bizim üçün onun ölümü böyük faciə oldu.

 

Deyir, yazmağa məktəb vaxtlarından başlayıb. İlk yazısını beşinci sinifdə yazıb.

 

- Hekayə yazmışdım. Nə haqda yazdığım yadıma gəlmir. Çox güman ki, oxuduğum qəzet və jurnallardan təsirlənib yazmışdım. Arada şeir də yazırdım. Yuxarı siniflərdə yumoristik hekayələr, çıxışlar yazırdım. Müəllimlərim məndən çox razıydılar. Buraxdığım qəzetlərə görə bəziləri məni lağa qoyudu. “Baxarsınız, bu jurnalist olacaq!”, “Yox bir, yazıçı olacaq!”, “Görən hardan köçürüb?”, deyirdilər. Onlardan biri qardaşımın sinif yoldaşı olan qız idi. Çox istəyərəm ki, ona kitabımı hədiyyə edim. Görsün, arzuladığım kimi həm jurnalist oldum, həm də yazıçı. Buraxılış imtahanımda bu gün necə oturub köşə yazıramsa, onda da eləcə sərbəst inşa yazmışdım. Beşdə dörd vermişdilər. “Mücəssəmə” sözünü qaralamışdılar ki, guya səhv yazmışam. “Mücəssimə” olmalıymış. Düz olduğumu onlara sübut eləməyə çalışsam da, mümkün olmadı. Ona görə də qiymətimi saldılar.

 

 

Ta ota məktəbdə oxuyandan Xalid Kazımlının ən böyük arzusu jurnalist-yazıçı olmaq olub. Bu istiqamətdə çoxlu arzuları varmışı. Ağacın altında oturub bu günü xəyal edirmiş. Ölkənin ən yaxşı qəzetində işləyir, Mirzə Cəlil kimi felyeton yazır və hətta ondan müsahibə də alırlar.

 

- Kəndimiz haqqında həmişə deyərlər ki, Seyidəhmədlidəki uşaqlar əlində qələmlə doğulur. Yazı-pozu adamlarımız çoxdu. Zamin Hacı, Məğrur Əli Polad, Rahib Kazımlı, Samir Kazımlı, Araz Bayramov və başqaları. Mən də istəyirdim romanım, hekayələr kitabım çıxsın. Çıxdı da. Üçüncü kitabım itdi, pozuldu getdi. Dördüncüsü yoldadı.

 

Söhbətin bu yerində “Yeni Müsavat” kollektivi otağa daxil olur. Xalid hocanı təbrik etməyə. Xalid bəylə müsahibəni yekunlaşdırırıq. Sonda “kaş ki, o illərə dönə bilsəydik “ deyir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR