Bakı, 12 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Dram Teatrında “Təbəssüm” tamaşasına ictimai baxış keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yazıçı-nasir Əşrəf Əsgərovun əsəri əsasında səhnələşdirilən və Xalq Artisti Zülfüqar Abbasovun quruluş verdiyi “Təbəssüm” tamaşası Mingəçevir şəhərinin yaranmasının 67-ci ildönümünə həsr olunub.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhər hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tamaşaçıların böyük marağına səbəb olan və alqışlarla qarşılanan səhnə əsəri Mingəçevirin 80-90-cı illərini əks etdirir.
Tamaşadan sonra şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov teatrın yaradıcı heyəti ilə görüşərək öz tövsiyyələrini verib.
Qeyd edək ki, hazırda Mingəçevir Dövlət Dram Teatrında dörd tamaşanın məşq prosesi gedir. İlqar Fəhminin “Son reportaj”, Xanirə Röyanın “Xalidənin taleyi”, Pərvinin “Dəcəl keçi” əsərlərinə Bəhram Osmanovun quruluşunda eyni adlı tamaşalar hazırlanır. Hər üç tamaşa noyabr ayının sonuna qədər teatrsevərlərin ixtiyarına veriləcək. "Son reportaj" tamaşasında Əməkdar Artist Akif Mirabov, Şıxı Yaqubov, Asim Əmirov, Firuz Hacıyev, "Xalidənin taleyi" tamaşasında isə Afət Əliyeva, Qabil İbrahimli, Fəridə Məmmədova, Asim Məmmədov, Ruhəngiz Abdullayeva, Elmira İbrahimova, Ceyhun Əhmədov və Aydın Quliyev rol alıblar. "Dəcəl keçi" tamaşasında əsas rolları aktyorlar Aytən Allahverdiyeva, Leyla Cavadova, Ella Yaqubova (Əməkdar Artist), Asim Məmmədov, Firuz Hacıyev, Eyvaz Əliyev və Amil Fərzəliy ifa edəcəklər. Həmçinin Cavid Atayın “Pusquda” əsərinə rejissor Xəzər Gəncəli eyni adla tamaşa hazırlayır. "Pusquda" tamaşasında İlqar Rəhimov, Aydın Quliyev, Hüseyn Mustafayev rol alıblar.
Mingəçevir Dövlət Dram Teatrında “Təbəsüm” tamaşası nümayiş olunub
Mingəçevir Dövlət Dram Teatrında “Təbəsüm” tamaşası nümayiş olunub
Mingəçevir Dövlət Dram Teatrında “Təbəsüm” tamaşası nümayiş olunub