“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilir

10:33 13 Noyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 74 şəhər və rayondan 3 mərhələdə 7 istiqamət üzrə ümumilikdə 4 minə yaxın şagird “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyalarda iştirak ediblər.
Aksiya çərçivəsində ölkə gəncləri Naxçıvan, Gəncə, Lənkəran, Lerik, Şəki, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Naftalan, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və digər bölgələrdə Azərbaycan xalqının qədim tarixi, milli-mədəni irsi ilə tanış olub, həmçinin bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Tarix-Diyarşünaslıq muzeylərinə, Gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına və sair obyektlərə baxış keçiriblər. Şəhər, rayon icra hakimiyyətləri tərəfindən təşkil olunan bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
2014-cü il avqustun 1-dən sentyabrın 6-dək keçirilmiş tur-aksiyaların birinci mərhələsində 53 şəhər və rayondan 2120 şagird iştirak edib.
2014-cü ilin noyabr ayında keçirilmiş ekskursiyaların ikinci mərhələsində Bakı şəhərinin 12 rayonundan 1035 şagird iştirak edib.
2015-ci ilin mart ayında təşkil edilmiş tur-aksiyaların üçüncü mərhələsində respublikanın 30 şəhər və rayonundan 360 şagird Naxçıvan Muxtar Respublikasına və 360 nəfər isə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə səfərlər ediblər.
2015-ci ilin 16-19 noyabr tarixlərində təşkil olunacaq növbəti tur-aksiyalarda 32 şəhər və rayondan 1280 şagird 4 istiqamət üzrə səfər edəcək. Tur-aksiyalar zamanı Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan şagirdlər Gəncə, Lənkəran, Quba və Şəki şəhərləri, habelə ətraf rayonlarla tanış olacaqlar.
Tur-aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkemizi_taniyaq_maariflendirici_tur_aksiyanin_novbeti_merhelesine_start_verilir-901606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR