Miqrant böhranı ağırlaşdı - FOTO

Miqrant böhranı ağırlaşdı - FOTO
12:37 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

İsveç miqrant axınına nəzarət etmək üçün müvəqqəti sərhəd yoxlamalarına başladığını elan edib.

Milli.Az BBC-yə istinadən bildirir ki, bu addımın yeni axının "ictimai təhlükə yaratdığna" görə atıldığı bildirilir.

Yoxlamalar cümə axşamı başlayacaq və 10 gün davam edəcək.

Maltada keçirilən sammitdə Aİ ölkələri problemlə mübarizə aparmaq üçün Afrikaya 1.8 milyard avronun ayrılmasına razılıq verib.

Lakin bəzi Afrika liderləri məbləğin yetərli olmadığını bildiriblər.

Bu il ərzində Eritreya, Nigeriya və Somali kimi Afrika ölkələrindən təxminən 150 min insan Aralıq dənizini keçib.

Lakin əsasən suriyalılardan ibarət təxminən 650 min nəfərin Türkiyə və Yunanıstan vasitəsilə Avropaya axını bu rəqəmi üstələyib.

Bu il İsveçə təxminən 200 min miqrantın gələcəyi gözlənilir.

"Bu, bir-iki ölkənin problemi deyil - bu, bütün Avropa İttifaqı üçün problemdir", - İsveç baş naziri Stefan Lofven Malta görüşündə bildirib.

İsveç miqrasiya rəsmiləri bildiriblər ki, müvəqqədi sərhəd yoxlamalarının tətbiqi onlara yeni gələnləri qeydiyyata almağa, insanların ölkədə qanunsuz qalmasının qarşısını almağa kömək edəcək.

Bu arada Avropa İttifaqı Aralıq dənizi vasitəsilə Avropaya miqrasiyanın əsas səbəbləri olan yoxsulluq və münaqişələrə qarşı mübarizə məqsədilə 2 milyard dollar məbləğində yardım paketini təsdiq edib.

Avropa İttifaqı bildirib ki, bu maliyyə iqtisadi və bərabər imkanların yaradılması, təhlükəsizlik və inkişaf məsələlərinə yönəldiləcək.

"Amerikanın səsi"nin məlumatına görə,  blok miqrasiya böhranının Şengen zonasında pasportsuz səfərlər qarşısında maneə yaradacağından ehtiyat edir.

Malta sammitində danışan Avropa Şurasının prezidenti Donald Task Almaniya, İsveç, Sloveniya və Avropa İttifaqının baş ölkələrinin miqrant böhranının sərhədlərdə təhlükəsizliyə hədə törədə bilməsindən ehtiyat edərək, atdığı addımları qeyd edib.

Şengen zonasına 30 ölkə daxildir, onların bəzisi Avropa İttifaqının  üzvü deyil.

Britaniyanın daxili işlər naziri Teresa Mey deyib ki, Avropada miqrant böhranı miqrantların Avropadan Afrikaya qayıtması üçün imkanların yaradılması yolu ilə həll edilməlidir.

Afrika və Avropa İttifaqı ölkələrinin 60-dan çox liderinin iştirakı ilə keçən miqrant böhranına dair sammitdə danışan Teresa Mey müxbirlərə bildirib ki, bu işin bir hissəsi miqrantlara onların səfərlərində kömək edən kriminal elementlərə qarşı mübarizəni nəzərdə tutur.

O, Avropa İttifaqının sammitində Afrika və Avropa ölkələrinin liderləri arasında konstruktiv müzakirələrin aparıldığını bildirib.

Avropa İttifaqı liderləri sammitdə miqrant böhranının həlli səylərinə dəstək məqsədilə 2 milyard dollarlıq yardım paketinin ayrılmasına dair sənəd imzalayıblar. Teresa Mey bildirib ki, Britaniya 300 milyon dollar ayrılmasına söz verib.

Zirvə görüşündə insanların yaşadıqları yerləri tərk etməsinin əsas səbəbləri, qanuni miqrasiya yollarının yaradılması, miqranatların müdafiəsi, insan alverilə məşğul olanlara qarşı mübarizə yolları və Afrika ölkələri ilə sığınacaq almayıb geri qaytarılmış insanlarla bağlı əməkdaşlığın yaxşılaşdırılması məsələləri müzakirə edilib. 

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR