Bakı, 4 fevral, AzərTAc
Fevralın 4-də Qaradağ Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda keçirilən fərdi jurnalist yazıları
müsabiqəsinin qalibləri də mükafatlandırılıb.
Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Milli Mətbuatının keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığını bildirib.
S.Mikayılov rayon icra hakimiyyəti ilə kütləvi informasiya vasitələri arasında sıx əlaqələrin olduğunu, keçirilən tədbirlərin və rayonla bağlı yazıların mütəmadi olaraq mətbuatda işıqlandırıldığını diqqətə çatdırıb. Bildirilib ki, “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda keçirilən müsabiqəyə jurnalistlərin xüsusi diqqət göstərməsinin səbəbi ölkəmizin sürətli inkişafının hər bir bölgədə olduğu kimi, Qaradağ rayonunda da geniş vüsət almasıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun fəaliyyəti, təşkil edilən tədbirlər və müsabiqələr, o cümlədən artıq ikinci dəfə Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə məlumat verib. Qeyd edib ki, Qaradağ rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyan, 25 noyabr – 25 dekabr tarixlərində keçirilən müsabiqə ilə bağlı müxtəlif KİV-lərdə 50 yazı dərc olunub.
Vüqar Səfərli müsabiqənin təşkili, gedişi, iştirakçıların məqalələrinin analizi və qiymətləndirilməsi ilə bağlı da məlumat verib. Qeyd edilib ki, əvvəlcə 16 nəfərin mükafatlandırılması nəzərdə tutulsa da, sonradan iştirakçıların çoxluğu nəzərə alınıb və 25 nəfərə diplomlar, fəxri fərmanlar və pul mükafatları təqdim olunması qərara alınıb.
Tədbirdə 2014-cü il ərzində media və icra orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova xüsusi diplom təqdim olunub.