"İnsanların həyasızlığı tanrıların iradəsindən daha güclüdü" - "AZDRAMA" tarixin "üzünü bizə çevirdi" - FOTO

"İnsanların həyasızlığı tanrıların iradəsindən daha güclüdü" - "AZDRAMA" tarixin "üzünü bizə çevirdi" - FOTO
19:47 13 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Herostrat: "...Mən böyük bir həqiqəti kəşf etdim - insanların həyasızlığı tanrıların iradəsindən daha güclüdü..., öz sadəlövhlüyümə düz bir gün ağladım...və o gündən and içdim ki, son nəfəsimə qədər mən də xoruzları dəyişəcəm... Mən Kleona sübut edəcəm ki, insanları çox yaxşı tanıyıram..." Herostrat Kleona: "...Bu intəhasız dünyada ikimiz qalanda bir-birmizin yerini dar edəcəyik...".

Həbsxana keşikçisi: "...İlahi! Axı mənim günahım nədi ki, məvacibimi artırmaq əvəzinə ruzimi çıxarmaq üçün bu cür şərəfsizə boyun əyməyə məcbur edirsən?.."

Kleon Herostrata: "Görünür, adamların pis üzünü tez-tez görmüsən...

Herostrat: "Hə, elədi...İnsanlar özlərindən ağıllını həzm edə bilmirlər"

Kleon: "İnsanlar onları axmaq yerinə qoyanı həzm edə bilmirlər" 

Bu həmin Herostratdı ki, e. ə. 356-cı ildə dünyanın yeddi möcüzəsindən üçüncüsü sayılan bütün canlı varlıqların himayəçisi, yaradılış, doğuluş ilahəsi olan Artemidanın şərəfinə ucaldılmış məbədi yandırmışdı ki, adı tarixdə qalsın. Rəvayətə və ya əfsanəyə görə yaxşılığa, dinə, imana, mənəviyyata inamını itirmiş, sürdüyü ömrün, alnına yazılmış taleyin ağlına, bacarığına layiq olmadığını iddia edən bazar alverçisi Herostrat (onun bədbəxtliyinin, ziddiyyətli əqlinin dərəcəsinə baxın bir, deyir, insan hər şeyini itirsə, də eybi yoxdu, əsas odu ümidini itirməsin) yanğını Makedoniyalı İsgəndər dünyaya gəldiyi gecə törədib.   

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə növbəti dəfə tarixin "üzünü bizə çevirdi". Dünən Akademik Milli Dram Teatrında premyerası baş tutmuş "Herostratı unudun!" ikihissəli pritçasının (rejissorun təyininə görə) doğurduğu ən qabarıq təəssüratlardan birini məhz bu cür ifadə etmək olar. İxtisasca həkim olan və ilk ədəbi təcrübələrini Şən və Hazırcavablar Klubunun üzvlərinin səhnəcikləri üçün yazan dramaturq, nasir, satirik yazıçı, ssenari müəllifi, teleaparıcı Qriqoriy Qorinin (Qriqoriy İsraileviç Ofşteyn soyadı ilə doğulub, sonradan anasının Qorinskaya soyadına uyğun Qorinşteyn, Qorin ədəbi təxəllüslərini üstün tutub - red.) 1972-ci ildə qələmə aldığı bu tragikomediya keçmiş SSRİ-nin teatr meydanında "zəfər yürüşünə" çıxan əsərlərdən biri kimi tanınır - bitkin ədəbi material hər bir teatrın canı və qanıdı. Bu mənada Azərbaycan səhnəsi də istisna deyil. Yeri gəlmişkən, indi təəssüf ki, artıq mövcud olmayan Dövlət Gənclər Teatrında teatrın yaradıcısı və baş rejissoru, mərhum Hüseynağa Atakişiyevin (1949-2006) demək olar ki, son quruluşu olan 2005-ci ildə qoyduğu "Herostratı unudun!" tamaşasında Herostratı oynayan Qurban İsmayılov tamaşaçı qismində zalda, Ayşad Məmmədov isə Kleon rolunda səhnədə idi. A.Məmmədov Milli.Az-a bildirdi ki, bu pyesin yeni quruluşunda çıxış etmək, əsəri 180 dərəcəli bucaq altında sırf öz nəzəri ilə yenidən oxuyan və beləliklə, müəllif tamaşası ərsəyə gətirən M.Ələkbərzadə ilə işləmək ona böyük zövq və qürur bəxş edib.

Zaldan söz düşmüşkən, tamaşaçıların sayından və marağından danışsaq, Mehriban Ələkbərzadə sayağı anşlaq təyini öz yerini tuta bilər. Bu, o deməkdir ki, zalda məlum anlamda anşlaq hökm sürmürdü, sırf bu rejissorun, sırf bu əsərin və təbii ki, sırf müəyyən aktyorların tamaşaçıları toplaşmışdılar. Onların arasında Şəfiqə Məmmədova kimi sənətkarlar da var idi.  

Dünənki premyera ilk dəqiqələrdən final səhnəsinə qədər, demək olar ki, tamamilə tamaşaçıları maraq "dalğasında" saxlaya bildi. Əvvəla, quruluşçu rəssam İlham Elxanoğlunun verdiyi dekorasiya, tərtibat dəbdəbədən uzaq, çoxəşyalı, çoxelementli deyil, dəqiq, lakonik və zəngin idi. İkincisi, pyesin tərcüməsi M.Ələkbərzadənin özünə məxsusdu və mətndə, dialoq, replika və monoloqlar yalnız bədii səlislik saçırdılar. Üçüncüsü, bu, həm tamaşa idi, həm də səhnə əsəri. Məsələ burasındadır ki, tamaşa içində tamaşa elementlərindən ibarət olan pyesin yeni səhnə versiyası (pyesə görə dövrümüzün teatr adamı bəşəriyyətə bir çox bəlalar gətirmiş bir xəstəliyin mənşəyini tədqiq etmək üçün iki min illik tarixi olan hadisələrə baş vurur, yalnız müşahidə etmək, müdaxilə etmək hüququ olmasa da, o, ən həlledici məqamlarda həlledici müdaxilələr etməyə bilmir) janrına, ədəbi dayağına tam uyğun tərzdə, komik, dramatik, faciəvi ovqatları kəskin, amma həm də üzvi keçidlərlə qurulub.

Tamaşada qeyri-funksional dekora, tərtibata, ümumi ansambldan kənarda qalıb solo ifasına sığınan aktyora heç bir şərait yaradılmaması üç saata yaxın davam edən səhnə əsərinin maraqla baxılmasını təmin etdi. Ümumiyyətlə, tamaşada iştirak edən bütün aktyorlar ifa etdikləri obrazlarda özlərini suda balıq kimi hiss edirdilər. Aktyor Hikmət Rəhimov (Herostrat), əməkdar artist Ayşad Məmmədov (Kleon), əməkdar artist Elşən Rüstəmov (pyesdəki adı Teatr insanı, tamaşadakı adı isə Tarix insanı və ya Qorinin proobrazı), əməkdar artist Münəvvər Əliyeva (Klementina), aktyor Rüstəm Rüstəmov (Krisipp), əməkdar artist İradə Həsənova (Erita), aktyor Vüsal Mustafayev (keşikçi) və efesliləri oynayan aktyorlar Ülvi Həsənov, Şamil İbrahimov, Elçin Hacıyev. Yalnız bir məqam bir qədər qeyri-müəyyənlik, tərəddüdlü təssürat doğurdu Münəvvər Əliyeva söz yox, həmişəki kimi plastik və inandırıcı idi. Amma bu inandırıcılıq bir qədər çaşbaşlıq doğurdu - Efes sahibəsi Herostratın məbədi şöhrət naminə deyil, nakam bir eşq, konkret olaraq ona, Klementinaya ünvanlanmış sevgi uğrunda yandırdığını iddia edir və buna əmin olmaq üçün həbsxanaya onu görməyə gedir. M.Əliyeva - Klementinanın iddiası, həbsxanada təsəvvürünün dağılması tamaşaçı üçün o qədər də aydın olmur - o, eşq acı olan və bu eşqin yalnız ona aidliyindən başqa bir variantı təsəvvür belə etmək istəməyən, ən ağlasığmaz addımlar atmaqdan ötrü sevginin şöhrətdən daha cəlbedici amil olduğuna inanan gənc qadındı, yoxsa istəklərinin, tələbatlarının gerçəkləşmiş fantaziya həddinə çatması üçün heç bir məqamı əldən verməyən qadın cinsindən olan yüngüləxlaqlı biri? Məncə, bu qeyri-müəyyənlik M.Əliyeva - H.Rəhimov duetinin tamaşadan-tamaşaya təkrarlanan dairəyə düşməsi ilə bağlıdı və bu dairə M.Əliyeva üçün artıq o qədər də komfortlu deyil. H.Rəhimovun Herostratı isə vəziyyətlərdən asılı olaraq obrazın "mən"inə vara bildi - tamaşaçı ona gah nifrət edir, gah bəraət qazandırmaq həddinə çatacaq dərəcədə anlamağa çalışır, gah acıyır, gah da gülür. 

Zorakılıq səhnələri ilə kifayət qədər zəngin olan tamaşada iştirak edən aktyorlar aqressiya hərəkətlərini çox təbii canlandırırdılar. Bu məqam isə bir az şübhə doğururdu. Amma "Azdrama"da son aylar ərzində yaranan üzdəniraq situasiyalardan təsirlənərək yaranan bu şübhəni elə əsərin və tamaşanın ruhuna uyğun ironiya kimi qəbul edilməsini istərdim.

P.S. Krisipp: "Biz narahat zamanda yaşayırıq - insanlar çox yeyirlər və az oxuyurlar" 

Samirə Behbudqızı      
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/382274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR