Bakı, 15 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Zaqatalaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə noyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.
Tədbirdə Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və Zaqatalanın adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.