Bakı, 17 noyabr, Nihad Budaqov, AZƏRTAC
Noyabrın 17-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, ABOEMDA-nın sədri Akim Bədəlov “Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar” mövzusunda keçirilən yazı müsabiqəsinin məqsədinin ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, bu sahədə mövcud vəziyyətinin araşdırılması, əsas prioritetlərin nəzərdən keçirilməsi və perspektiv imkanların təhlil edilməsi olduğunu deyib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə ölkəmizdə jurnalistlərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, bu kimi yazı müsabiqələrinin KİV nümayəndələrinin fəaliyyətinin genişləndirilməsi və onların həvəsləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sonda yazı müsabiqəsinin qalibləri mükafatlar, həmçinin ABOEMDA və KİVDF-nin xüsusi diplomları ilə təltif olunublar.