Manila, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Filippinin paytaxtı Manilada Asia-Sakit okean İqtisadi Əməkdaşlığının (ASİƏ) 23-cü sammiti öz işinə başlayıb. Budəfəki sammitin əsas şüarı “Hərtərəfli əməkdaşlıq, daha yaxşı dünyanın formalaşması”dır.
Sammitdə regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, inkişaf etmiş və inkişf etməkdə olan iqtisadiyyatlar arasında fərqin azaldılması, əllillər də daxil olmaqla işə düzəlmə imkanlarının genişləndirilməsi, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizədə birgə tədbirlər kimi məsələlərin müzakirə olunacağı bildirilir.
Asiya-Sakit okean regionunda (ASR) iqtisadi, sosial, ekoloji və digər problemlərin həlli məqsədilə forumun yaradılması ideyası Avstraliyanın sabiq Baş naziri Robert Houk (1983-1991) tərəfindən irəli sürülüb. Asiya-Sakit okean İqtisadi Əmkdaşlığı adı alan forumun yaradılması ASR-ə daxil olan 12 dövlətin xarici işlər və iqtisadiyyat nazirlərinin 1989-cu il noyabrın 6-7-də Kanberrada keçirilən konfransı zamanı qərara alınıb. Onun əsas məqsədi regionda iqtisadi inteqrasiyanın gücləndirilməsi, ticarətin genişləndirilməsi və iqtisadi tərəqqinin artırılmasıdır.
Nizamnaməyə malik olmayan ASİƏ-nin hüquqi baxımdan təşkilat adlandırılması düzgün olmadığına görə, o beynəlxalq məsləhətçi orqan kimi fəaliyyət göstərir. Hazırda ASİƏ-nin tərkibinə 19 ölkə - Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Koreya Respublikası, Yaponiya, Çin, Meksika, Papua Yeni Qvineya, Çili, Rusiya, Vyetnam və Peru, həmçinin Çinin iki ərazisi Syanqan (Honkonq) və Tayvan daxildir. Qurumun tərkibinə yalnız dövlətlərin daxil olmadığını nəzərə alaraq, ASİƏ üzvlərini “iqtisadiyyat” adlandırmaq qərara alınıb.
Hazırda Asiya və Latın Amerikasının 10-dan artıq ölkəsinin, o cümlədən Hindistan, Kolumbiya, Kosta-Rika, Monqolustan və Pakistanın ASİƏ-yə üzv qəbul edilmək üçün müraciət etdiyi bildirilir.
ASİƏ üzvlərinin payına dünya ÜDM-in 57 faizi, beynəlxalq ticarət dövriyyəsinin 48 faizi, birbaşa əcnəbi investisiyaların 40 faizi və dünya əhalisinin 40 faizdən çoxu düşür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila