Roma, 18 noyabr, AZƏRTAC
Parisdə törədilmiş silsilə terror aktlarından sonra İtaliya kəşfiyyat xidməti gücləndirilmiş rejimdə işləyir. Təhlükəsizliyin təmin olunması üçün ölkənin bütün aidiyyatı qurumları səfərbər edilib.
ANSA-nın məlumatına görə, İtaliya parlamentində ölkənin hərbi missiyasına dair fərmana əlavələr və dəyişikliklər olunub. Belə ki, kəşfiyyat xidmətinə öz fəaliyyətində xüsusi qüvvələrdən istifadə etmək səlahiyyəti verilib. Bundan əlavə, dəyişikliyə əsasən, İtaliya hökuməti böhran vəziyyəti və milli təhlükəsizliyə təsir göstərən fövqəladə hallarla mübarizə, xaricdəki İtaliya vətəndaşlarının müdafiəsi istiqamətində kəşfiyyat tədbirləri həyata keçirmək üçün xüsusi tapşırıqlar verə bilər.
Qeyd edək ki, “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandırılan terrorçu qruplaşmanın növbəti hədəflərindən biri kimi Romanın ən çox turist toplaşan məkanlarından biri olan Kolizey amfiteatrı göstərilir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
