Bakı, 19 noyabr, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londona səfəri çərçivəsində Viktoriya və Albert Muzeyinin direktoru Martin Rot ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Mədəniyyət və Turizm Nazirliyi ilə bu muzey arasında əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması, muzeydə saxlanılan, ölkəmizə aid xalça-toxuma nümunələrinin sərgisinin keçirilməsi, 2017-ci il Bakıda Azərbaycan xalçasına həsr edilən beşinci beynəlxalq konqresə Viktoriya və Albert Muzeyinin tərəfdaş olması, bu qurumda azərbaycanlı muzey mütəxəssisləri üçün treninqlərin təşkili barədə müzakirələr aparılıb.
Sonda Ə.Qarayev 2016-cı il aprelin 25-dən 27-dək Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Martin Rotu paytaxtımıza dəvət edib.