Bakı, 19 noyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində "Reklam və marketinq kommunikasiyaları" mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə qida, mebel, yüngül, tikinti sənaye sahələrində fəaliyyət göstərən 50-dən çox yerli müəssisənin nümayəndələri iştirak edib.
"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrasına uyğun olaraq keçirilən layihənin məqsədi sənaye müəssisələrinin marketinq sahəsində məlumatlılıq səviyyəsinin artırılması və brendləşmənin təşviq edilməsidir. Təlimdə məhsulun düzgün tanıdılma vasitələri, reklamın səmərəliliyinin artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
"Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində "Brendinq və sənayedə brendləşmə" və "Marketinq strategiyaları" mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.