Bakı, 5 fevral, AzərTAc
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyində olublar.
AzərTAc xəbər verir ki, Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov qurumun fəaliyyəti, eləcə də birliyin mətbu orqanı olan “Naşir” jurnalı və “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC tərəfindən çap olunan kitablar barədə məlumat verib.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədlinin də iştirak etdiyi görüşdə ölkədə kitab çapının vəziyyəti, kitabın təbliği məsələləri, eləcə də Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin əməkdaşlıq formaları və digər aktual problemlər müzakirə edilib.