Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.7.-ci bəndində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Bakı şəhəri üzrə bütün rayon monitorinq qruplarının görüşü keçirilib.
Qeyd edək ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyalara malikdirlər.