Bakı, 5 fevral, AzərTAc
Fevralın 12-də Bakıda qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirilib ki, ölkədə ilk dəfə təşkil olunacaq tədbirdə alim, tədqiqatçı və mütəxəssislərlə yanaşı, Azərbaycan, Türkiyə Rusiya, Tayland kimi ölkələrin çap texnologiyalarının inkişafi ilə maraqlanan nümayəndələri iştirak edəcəklər.
Konfransda innovasiya texnologiyalarının biznesdə səmərəli tətbiqinin nümayişi məqsədilə məruzəçilərin çıxışları, ustad-dərslərinin keçirilməsi və sərgi zonasının təşkili nəzərdə tutulur.
3D-avadanlıqların iş prosesinin nümayişi üçün zonada 3D Project (Azərbaycan), Inter-Technics (Azərbaycan), Consistent Software Distribution (Rusiya), Lenincraft (Rusiya) və Picaso 3D (Rusiya) kimi şirkətlərin iştirakı da gözlənilir (konfransın saytı: 3dprint.az, əlaqə: client@3dprint.az, tel: + 7 (495) 212-11-28).