[ 05 Fevral 2015 16:13 ]


Azərbaycanda kəndlərdə yaşayan gənclərə ev tikintisi üçün ipoteka kreditlərinin verilməsi və Tələbə Gənclər Gününün qeyd edilməsi təklif olunur

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na həsr olunmuş iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.


Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycanda gənclərlə bağlı görülən işlərdən söz açıb, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın gənclər üçün əhəmiyyətindən danışıb.

Gənclər və idman naziri A.Rəhimov “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın rəmzi və əməli dəyərinin çox böyük olduğunu söyləyib: “Strategiya 10 il bundan sonrakı Azərbaycanın gənc vətəndaşlarını təsvir edir. İlk növbədə diqqət çəkmək istəyirəm ki, Strategiya “dövlət gənclər siyasətinin inkişaf strategiyası” deyil, “Azərbaycan gənclərinin inkişaf strategiyası”dır. Strategiyada qarşıya qoyulan 32 vəzifənin həyata keçirilməsi tək Gənclər və İdman Nazirliyinin deyil, digər nazirliklərin və gənclər təşkilatlarının üzərinə qoyulur. Strategiyanın həyata keçirilməsi ilə bağlı ildə ən azı bir dəfə dövlət başçısına məlumat verilməlidir. Strategiya təşəbbüskar və məsuliyyətli gənclərin yetişməsi istiqamətində mühüm yol göstərir”.


Azərbaycan prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, Azərbaycanda heç bir peşə bayramı Gənclər Günü kimi qeyd edilmir. F.Hacıyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata keçirilməsi istiqamətində təkliflərlə çıxış edib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov kəndlərdə yaşayan gənclərə ev tikintisi üçün ipoteka kreditlərinin verilməsini, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Tələbə Gənclər Gününün qeyd edilməsini, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbələrdə məcburi köçkün gənclər üçün İnkişaf mərkəzləri yaradılmasını təklif edib.

Mövzu ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat Muzeyinin Gənc Alimlər Şurasının Nəzmiyyə Yiğitoğlu çıxış ediblər. Tədbirdə səslənən təkliflər Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.