Astara, 5 fevral, Bağır Əliyev, AzərTAc
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Astara şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin on birinci sinif şagirdləri üçün açıq tarix dərsləri davam etdirilir.
AzərTAc xəbər verir ki, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha dərindən öyrədilməsi məqsədilə keçirilən dərslərdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında müzakirələrdə məktəbli gənclər fəallıq göstərirlər.
Rayonun tanınmış müəllimlərinin cəlb olunduqları açıq dərslərdə indiyədək 350-dən artıq şagird iştirak edib.
Astara şəhər tam orta məktəbinin 35 və Ərçivan qəsəbə tam orta məktəbinin 25 nəfər XI sinif şagirdinin iştirak etdiyi növbəti aşıq dərsdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilərək, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Açıq dərsdə ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan geniş bəhs edilərək, dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri ətraflı təhlil olunub.
Müəyyən olunmuş tezislər əsasında keçirilən dərslərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilib. Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu, daxili və xarici siyasətdə əldə olunan uğurlar konkret faktlarla diqqətə çatdırılıb.
Açıq tarix dərsində Ümummilli Liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı xüsusi vurğulanıb.
Məktəbli gənclər Mərkəzdə dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıb, Ulu Öndərin mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.