Bakı, 25 noyabr, AZƏRTAC
Məlumatların ötürülməsi üçün işıq mənbələrindən istifadə olunan yeni “Li-Fi” texnologiyası ilk dəfə real şəraitdə sınaqdan keçirilib. “Wi-Fi” şəbəkəsi ilə müqayisədə yeni şəbəkədə orta sürət 100 dəfə daha böyükdür.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, Estoniyanın “Velmenni” şirkəti Tallinndə bir neçə ofis və istehsal obyektində “Li-Fi” şəbəkəsini real rejimdə sınaqdan keçirib. Məlumatların ötürülməsi sürəti 1 Qbit/san təşkil edib. Qeyd edək ki, hazırda adi “Wi-Fi” şəbəkələrinin əksəriyyətində bu göstərici orta hesabla təxminən 10 Mbit/san təşkil edir.
Ehtimal ki, “Li-Fi” texnologiyasının kütləviləşməsi ilə “Wi-Fi”ın fəaliyyəti dayanmayacaq. Məlumatların ötürülməsi sürətini yüksəltmək üçün mümkün olan yerdə “Li-Fi” avadanlığı quraşdırılacaq, digər qurğular isə mobil şəbəkə, “Wi-Fi” və yeni "işıq interneti" arasında asanlıqla keçid edə bilərlər.