Bakı, 6 fevral, AzərTAc
Fevralın 7-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqasının dördüncü turunun görüşü keçiriləcək. Azərbaycanın “Baku Fires” komandası Polşanın “Rafako Hussars Poland” klubu ilə qarşılaşacaq.
AzərTAc xəbər verir ki, artıq komandaların heyəti açıqlanıb. Belə ki, Elvin Məmişzadə (52 kq, “Baku Fires”) Qrjeqorj Kozlovski (“Rafako Hussars Poland”), Albert Səlimov (60 kq) David Miçelus, Pərviz Bağırov (69 kq) Stiven Donnelli, Soltan Migitinov (81 kq) Jordan Kulinski, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Mantas Valaviçius ilə qarşılaşacaq.
Polşa klubu ilə görüşdə komandamızın heyətində Pərviz Bağırov debüt edəcək. O, gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Şimali İrlandiya boksçusu S.Donnelli ilə üz-üzə gələcək.
“Baku Fires”in heyətində Arslanbek Mahmudov cari mövsümdə ikinci qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi Litva təmsilçisi Mantas Valaviçius olacaq.
Birinci turda səfərdə Puerto Riko klubuna 2:3 hesabı ilə uduzan “Rafako Hussars Poland” 2-ci turda doğma arenada eyni hesabla “Astana Arlans”a məğlub olub. Polşa komandası ötən tur doğma divarlar arasında “Argentina Condors” üzərində 5:0 hesablı qələbə qazanıb.