Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 1-ə təyin edilib.

Qeyd edək ki, bu il iyulun 26-da Xəzər rayonu Hövsan qəsəbəsi Südçülük massivində gecə saatlarında 1991-ci ildə Lerikdə anadan olmuş Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş şəxsin Əyyar Ağayevin dostu Xəyal Şabanzadə olması müəyyən edilib. O, saxlanaraq istintaqa təhvil verilib.

Xəyal Şabanzadə Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə), 228-ci ( soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.