Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurmasının yaranması müəyyən xarici dairələrin maraq dairəsindədir. Xüsusən din pərdəsi altında dövlətə qarşı çıxmağa, təxribatlar törətməyə heç kimin haqqı yoxdur. Biz gənclər bu cür hallara qarşı etiraz səsimizi ucaltmalı, belə qüvvələrə qarşı mübarizə aparmalıyıq.
Bu fikri AZƏRTAC-a müsahibəsində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov söyləyib.
O bildirib ki, Azərbaycanda radikal ekstremizmə qarşı ciddi tədbirlər görülür və ictimai asayişin qorunması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan tolerant ölkədir. Lakin bu, o demək deyil ki, radikal cərəyanlar istədiklərini edə bilərlər. Polisə silah qaldıran, hakimiyyətə qarşı çıxan qüvvələrin zərərsizləşdirilməsi olduqca vacib məsələdir. Hüquq mühafizə orqanları dövlətin və xalqın iradəsinə uyğun olaraq bu istiqamətdə qətiyyətli addımlar atırlar.
“Belə məkrli oyunlarda alət kimi istifadə olunan yeniyetmələrə və gənclərə demək istərdim ki, fitnələrə uymasınlar. Biz gənclər müstəqilliyimizin qorunub saxlanması uğrunda mübarizənin ön sıralarında olmalı, təxribatçılara öz çirkin niyyətlərini həyata keçirməsinə imkan verməməliyik”, - deyə Mirhəsən Seyidov əlavə edib.