Gəncə, 30 noyabr, AZƏRTAC
Gəncədə qərb bölgəsinin məktəbliləri arasında keçirilən “Ekoerudit Breyn-rinq 2015” bilik yarışının zona mərhələsində qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin və Ekoloji Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə reallaşan yarışdan əvvəl “Azərbaycan təbiəti” adlı videoçarx nümayiş etdirilib.
Sonra qərb bölgəsinin şəhər və rayonlarından hər birində 5 nəfər olmaqla 10 komanda yarışa qatılıb. Şagirdlər ətraf mühit, ekologiyanın qorunması, eləcə də Azərbaycan nefti ilə bağlı verilən sualları cavablandırıblar.
Nəticədə Gəncənin “Nizami” komandası birinci yerə layiq görülüb. Qalib komanda dekabrın 10-da Bakıda keçiriləcək respublika birinciliyində iştirak etmək hüququ qazanıb.