“Dövlət qulluğunda motivasiya və qulluqda qalma” mövzusunda seminar keçirilir

“Dövlət qulluğunda motivasiya və qulluqda qalma” mövzusunda seminar keçirilir
11:08 3 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa Komissiyası ilə birgə Avropa İttifaqının TAIEX (Texniki yardım və informasiya mübadiləsi) aləti çərçivəsində “Dövlət qulluğunda motivasiya və qulluqda qalma” mövzusunda seminar təşkil edib.
Seminarın keçirilməsində məqsəd dövlət qulluğunda motivasiya sahəsində mövcud olan xarici təcrübənin iştirakçılarla bölüşdürülməsi, Azərbaycan təcrübəsinin və beynəlxalq təcrübənin müqayisəsi, dövlət qulluqçularının motivasiyası sahəsində aktual problemlər ətrafında müzakirələrin aparılmasıdır.
Tədbirdə çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, son illər respublikamızda dövlət qulluğunu dünya standartları səviyyəsinə qaldırmaq və dövlət qulluğunda kadrlarla işi yeni strateji formada qurmaq üçün mühüm işlər görülüb. Bu strategiyanın kadr hazırlığının planlaşdırılmasını, eləcə də onların işə qəbulunu, qulluqda yüksəlişini, xidməti fəaliyyətlərinin qiymətləndirilməsini, əməyin ödənilməsini və digər məsələləri əhatə etdiyini qeyd edən V.Əsgərov bu məsələdə dövlət qulluqçularının peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildiyini də diqqətə çatdırıb.
İki gün davam edən seminarda Belçika, İspaniya və Portuqaliyanın dövlət qulluğuna məsul qurumlarının nümayəndələri, bu sahədə ixtisaslaşmış ekspertlər “Motivasiya nədir və o dövlət qulluğunda səmərəliliyin artırılmasına necə təsir göstərir?”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi, məvacib və motivasiya”, “Belçika Federal Dövlət Qulluğu sistemində təlim və təhsil motivasiya vasitəsi kimi”, “Portuqaliyanın dövlət idarəçiliyində motivasiya və xidməti fəaliyyət”, “İqtisadi böhran zamanlarında xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiq edilməsinin çətinlikləri” və “Belçika Federal Dövlət Qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi, qulluqda qalma və yüksəlmə” mövzuları ilə bağlı təqdimatla çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb və mövzularla bağlı Azərbaycan təcrübəsi ekspertlərin diqqətinə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_qullugunda_motivasiya_ve_qulluqda_qalma_movzusunda_seminar_kechirilir-907764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR