Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu ilə birgə noyabr-dekabr aylarında Gəncə, Quba, Biləsuvar və Naxçıvanda 150 nəfərə yaxın ailə təsərrüfatı və tələbələr üçün seminarlar təşkil edib.
Mərkəzi Bankdan AZƏRTAC-a bidiriblər ki, seminarlar qurumun aidiyyəti struktur bölmələrinin mütəxəssisləri və Fondun ekspertləri tərəfindən aparılıb. Seminarlarda Mərkəzi Bankın əhalinin maliyyə savadlılığının artırılmasına intellektual dəstək kimi hazırladığı portalın təqdimatı keçirilib, maliyyə savadlılığının artırılmasında bankların rolu, şəxsi maliyyənin idarəedilməsi və istehlakçı büdcəsinin hazırlanması, yığım mədəniyyəti və onun formalaşması, eləcə də nağdsız ödənişlərdən istifadə üstünlükləri və yaradılmış imkanlar barədə ətraflı məlumat verilib, əyani vəsaitlər paylanılıb. Mövzuların hədəf qruplarına lazımi səviyyədə çatdırılması məqsədilə seminarlar interaktiv şəkildə qurulub və praktiki məşğələlərlə dəstəklənib.
Mərkəzi Bank digər regionlarda da müxtəlif hədəf qrupları üçün bu istiqamətdə tədbirlərin təşkilini nəzərdə tutur.