Zakir Həsənov: "Qarşı tərəf xeyli itki verib, ancaq onlar bunu gizlətməyə çalışır"

Zakir Həsənov: "Qarşı tərəf xeyli itki verib, ancaq onlar bunu gizlətməyə çalışır"
16:22 8 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan ilə Fransa arasında bütün istiqamətlərdə olduğu kimi müdafiə sahəsində də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri, ölkələrimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi qeyd edən Müdafiə naziri səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bölgədəki vəziyyətə toxunan nazir bildirib ki, uzun illərdir beynəlxalq qurumların fəaliyyətinə baxmayaraq davam edən Ermənistan-Azərbaycan münaqişəsi regional sabitliyə əsas təhlükə mənbəyidir. "Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyətilə son bir neçə gündə cəbhəboyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir. Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itkilər verib, ancaq onlar bunu gizlətməyə çalışır. Erməni xalqı sadəcə olaraq Yerevan rəhbərliyinin girovuna çevrilib", - deyə Müdafiə naziri vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım diplomat ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin perspektivləri, hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi, eləcə də kosmik sənaye sahəsində texnologiyaların tətbiqi, müdafiə məhsullarını istehsal edən bir sıra şirkətlərlə işbirliyinin genişləndirilməsinə dair konkret məsələlər müzakirə olunub.

Tərəflər müxtəlif ixtisaslar üzrə hərbi mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində təcrübə mübadiləsi, fransız dili kurslarının, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR