Bakı, 7 fevral, AzərTAc
“Bakı-2015” ilk Avropa Oyunları fevralın 7-də futbol üzrə İspaniya çempionu “Atletiko Madrid” komandasının oyunçularının formalarında birinci Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalayıb.
Müqavilə bu komandanın 2014/2015-ci il mövsümünün sonunadək UEFA Çempionlar Liqasında və İspaniya La Liqasında oyunlarını əhatə edir.
“Bakı-2015”-dən AzərTAc-a bildiriblər ki, “Atletiko Madrid” futbolçularının formalarındakı “Azerbaijan: Land of Fire” loqotipi bu gün “Vicente Calderon” stadionunda əzəli rəqib “Real Madrid” klubuna qarşı oyunda yenilənəcək.
“Atletiko Madrid” komandasının baş icraçı direktoru Migel Anxel Gil Marin bildirib: “Oyunçularımız fevralın 7-dən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə “Bakı-2015” loqotipinin əks olunduğu formaları geyəcəklər. Birinci Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır. Biz İspaniyanın və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən məmnunuq”.
“Altetiko Madrid” ötən mövsüm La Liqadakı çempionluq uğurunu təkrarlamaq niyyətindədir. Komanda, həmçinin futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasında da çıxış edir. İspaniyada çox məşhur olan komandanın televiziyada yayımlanan matçları adətən Avropada və bütövlükdə dünyada milyonlarla tamaşaçı tərəfindən izlənilir.
“Bakı-2015”in kommersiya direktoru Çarli Viceratna bildirib: “Atletiko Madrid” İspaniya La Liqasının çempionu və dünyanın ən tanınmış futbol komandalarından biridir. “Bakı-2015” loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur”.
İlk Avropa Oyunlarının loqotipi “Atletiko Madrid” futbolçularının formalarında əks olunacaq
İlk Avropa Oyunlarının loqotipi “Atletiko Madrid” futbolçularının formalarında əks olunacaq