Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliyada monitorinq keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliyada monitorinq keçirib
18:48 9 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir. Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin olunması və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda mərkəzin müəyyənləşdirdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, növbəti monitorinqi İtaliyanın La Sapienza Universitetində Bakı Slavyan Universitetinin multikulturalizm kafedrasının müdiri Aytən Qəhrəmanlı aparıb.
İki günlük monitorinqin ilk günündə La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edən İrina Kunina “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusunda mühazirəsi dinlənilib.
Monitorinqin ikinci günündə isə Aytən Qəhrəmanlı La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənninin tədris edildiyi 15 tələbəyə “Azərbaycan cəmiyyətində etnik və etno-dini müxtəliflik” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini tədris edən İrina Kunina və La Sapienza Universitetinin kafedra müdiri Daniel Pommer də iştirak ediblər.
Mühazirənin sonunda tələbələr Azərbaycan dili, Azərbaycan multikulturalizm modeli və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid müxtəlif suallar veriblər.
Monitorinq çərçivəsində A.Qəhrəmanlı La Sapienza Universitetinin dekanı F.Biodjini və professor C.Motto ilə görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlıq yüksək qiymətləndirilib, gələcəkdə də bu əlaqələrin davamlı olacağına inam ifadə edilib. Bildirilib ki, Azərbaycan multikulturalizmi fənninin tədrisi və təbliği sahəsində İtaliyada çox səmərəli əlaqələr qurulub və hər iki ölkənin əsrlərdən bəri formalaşan tolerantlıq mühitinə çox böyük maraq var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Beynelxalq_Multikulturalizm_Merkezi_Italiyada_monitorinq_kechirib-909772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR