Estoniyalı deputat: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir

Estoniyalı deputat: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir
13:08 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tallinn, 10 dekabr, AZƏRTAC
Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mixail Korb AZƏRTAC-a müsahibəsində bildirib ki, o, Dostluq qrupuna bu ilin mart ayından – 13-cü çağırış Riyqikoqu (parlament) fəaliyyətə başladığı dövrdən rəhbərlik edir. Qrupa 20 deputat daxildir. M.Korb deyib: “Biz Azərbaycan-Estoniya Parlamentlərarası Dostluq Qrupu ilə sıx əməkdaşlıq edirik, bu qruplar arasında daimi əlaqələr tənzimlənib. Hazırda Estoniya-Azərbaycan iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması istiqamətində iş aparılır”.
Estoniyalı deputat vurğulayıb ki, dekabrın 17-də Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Xosam Abu Meri ilə, yanvar ayında isə Litva-Azərbaycan Dostluq Qrupunun sədri Yuras Pojela ilə görüşəcək, bu görüşlərdə Baltikyanı bölgədə Baltik ölkələri ilə Azərbaycan arasında ümumi dostluq qrupu yaradılması ideyası müzakirə ediləcək. Məqsəd -Baltikyanı bölgədəki sahibkarları regionda istiqamətləndirməkdir.
Mixail Korb söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi məsələsində Estoniya dövlətinin mövqeyini də açıqlayıb. Deputat vurğulayıb ki, Dağlıq Qarabağ problemi barədə Estoniyanın rəsmi mövqeyi aydın və birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, bir milyon qaçqın öz doğma yurdlarına qaytarılmalıdır.
M.Korb deyib: “Bu münaqişənin ən qanlı faciəsi Xocalı qırğınıdır. Mən bu qırğını müasir dünya tarixində ədalətsiz və qəddar hadisə hesab edirəm. Əminəm ki, belə qanlı faciələrin təkrarlanmaması üçün dünya birliyi bütün bu cür cinayətləri neqativ hal kimi qiymətləndirməlidir”.
Deputat qeyd edib ki, Bakıya sonuncu dəfə bu il noyabr ayında, Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçilər missiyasının üzvü kimi səfər edib. O vurğulayıb ki, seçki prosesi yüksək səviyyədə təşkil edilib və şəffaflıq şəraitində keçib. Bunu belə bir fakt da təsdiqləyir ki, seçkilər zamanı çoxsaylı müşahidəçilər olmasına baxmayaraq seçicilərin təkrar səs verməsi hallarının qarşısını almaq üçün onların bir barmağına rəngsiz mürəkkəb çiləyirdilər.
Mixail Korb Azərbaycan paytaxtında aldığı təəssüratları bölüşərək deyib ki, hər dəfə Bakıdan qayıdanda bu şəhərin getdikcə gözəlləşməsini düşünür. Yaxşılığa doğru dəyişikliklər göz qabağındadır. Estoniyalı deputat qeyd edib ki, dövlətin ən böyük sərvəti insanlardır. Azərbaycanlılar isə ürəyiaçıq, həyatsevər və səmimi adamlardır.
Sonda M.Korb Azərbaycan xalqına və regionun lider dövləti olan ölkəmizə sülh və firavanlıq arzulayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Estoniyali_deputat_Azerbaycanin_erazi_butovluyu_berpa_edilmelidir-909951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR