Bundan sonra Uorliklə işləməyin nə mənası var?

Bundan sonra Uorliklə işləməyin nə mənası var?
16:22 16 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik yenə lazımsız yerə vəziyyəti gərginləşdirdi. Separatçı Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" Karen Mirzoyan ABŞ-da səfərdədir. Uorlik Vaşinqtonda onunla görüşüb. Uorlik əvvəllər də separatçıların təmsilçiləri ilə kənarda görüşür, onlarla fikir mübadiləsi aparardı. Bundan başqa Uorlik dekabrın 9-da Ermənistanın Vaşinqtondakı səfirliyində “Dağlıq Qarabağın müstəqilliyi” ilə bağlı tədbirdə də iştirak edib.
Əlbəttə, Uorliklə yanaşı digər həmsədrlər də Dağlıq Qarabağa səfərləri çərçivəsində separatçı rejimin müxtəlif nümayəndələri ilə görüşür və fikir mübadiləsi aparırlar. Hətta belə görüşlər bəzən İrəvanda da həyata keçirilir. Rəsmi Bakı buna etiraz etmir. Ancaq separatçıların təmsilçisinin ABŞ-a səfəri və oradakı görüşləri, üstəgəl də amerikalı həmsədrin Dağlıq Qarabağdan kənarda “nazirlə”görüşməsi, “müstəqillik” tədbirindəki iştirakı Azərbaycanın haqlı narazılığına səbəb olub. Bu faktiki olaraq Uorlikin Dağlıq Qarabağ separatçılarının təmsilşçisinin tanınması mənasına gəlir. Uorlik belə düşünmürsə onda bu görüşdən sona yazılı bəyanatla çıxış etməli idi ki, separatçıların təmsilçisi ilə nələri müzakirə edib.

Uorlik öz müdafiəsi üçün belə deyib ki, ABŞ-ın Dağlıq Qarabağdakı de-fakto hakimiyyəti ilə bağlı siyasəti dəyişməz olaraq qalır, Vaşinqton Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir. Uorlik Azərbaycanın könlünü almaq üçün bu sözləri də deyib: “Münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır”. Ancaq bu fikrindən sonra bu dəfə də Ermənistanı sakitləşdirəcək cümlə işlədib: “Münaqişənin həllinə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək lazımdır”.
Elə Ermənistanın da istədiyi budur. İrəvan deyir ki, Dağlıq Qarabağ ətrafındakı torpaqları o zaman azad edəcək ki, Azərbaycan referendumla bağlı müddəaya razılıq versin. Rəsmi Bakı referemdumu müzakirə etməyə hazırdır. Ancaq Azərbaycanın iki şərti var:
Birinci şərt odur ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz azad edilməli, rəsmi İrəvan işğaldan şantaj vasitəsi kimi istifadədən əl çəkməlidir.
İkinci şərt isə odur ki, torpaqlar işğaldan azad olunan kimi azərbaycanlılar doğma torpaqlarına qayıtmalıdırlar. Üstəgəl Dağlıq Qarabağa aid olan Şuşa və ətraf kəndlərin də əhalisi geri qayıtmalıdır ki, bölgənin gələcək statusuyla bağlı onların istək və arzuları da nəzərə alınsın.

Bu iki şərt yerinə yetirilmədən Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinin müzakirəsi mümkün deyil. Bunu Uorlik də bilir. Təsadüfi deyil ki, ötən il və bu il Uorlik bir neçə dəfə “Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır” fikrini səsləndirib. Bu açıqlamanı yüksək qiymətləndiririk. Ancaq bunu dedikdən sonra amerikalı diplomat Vaşinqtonda separatçıların liderləri ilə görüşməməli idi. Əgər Uorlik separatçılarla Vaşintonda fikir mübadiləsinə belə ehtiyac duyurdusa, onda separatçıların lideri ilə yanaşı Vaşinqtonda Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə də fikir mübadiləsi aparmalı idi. Onda deyərdik ki, Uorlik Dağlıq Qarağın hər iki icmasının fikir və arzularını nəzərə alır. Bu da olardı problemlə balanslaşdırılmış münasibətin tərənnümü. Bu olmadığına görə isə Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Nazirliyə çağıraraq ona Bakının etiraz notasını təqdim edib.
Ceyms Uorlik son hərəkəti ilə ölkəsinin və səfir Sekutanın əməyinin üstündən də xətt çəkib. Çünki, bu il ərzində Azərbaycana səfər edən amerikalı rəsmilər əllərindən gələn hər şeyi etdilər ki, iki ölkə arasındakı münasibətlər əvvəlki müsbət məcrasına qayıtsın. Səfir Sekuta da bu istiqamətdə çox iş görür. Ancaq Uorlik bir səhv hərəkəti ilə həmkarlarının əməyini yerə vurub.
Rəsmi Bakının notasından sonra Azərbaycan rəsmilərinin və diplomatlarının Uorliklə birgə işləməsi çətin olacaq. Vaşinqton Uorliki Minsk Qrupu həmsədrliyində başqasıyla əvəz etməsə, Uorlikin təklifləri Azərbaycanda ciddi qəbul olunmayacaq, ən başlıcası o inandırıcılığını itirəcək.
Azərbaycanın gözündə yalnız ABŞ inandırıcılığını itirmir, Moskva da getdikcə balansı pozaraq Ermənistanın mövqeyini müdafiə edir.
Rusiya XİN-nin sözçüsü Aleksandr Lukaşeviç bu həftə verdiyi açıqlamada deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tərəflərdən

  birini müdafiə etmək cəhdləri destruktivdir. Rusiya rəsmisi Türkiyə dedikdə bu ölkənin baş naziri Əhməd Davudoğlunun Ankaranın Dağlıq Qarabağı Azərbaycana qaytarmaq üçün hər şeyi edəcəyi bəyanatını nəzərdə tutub.
Kreml əvvəllər Türkiyənin Azərbaycanı dəstəkləməsinə etiraz etmirdi. Çünki o zaman Rusiya ilə Türkiyə arasında dostluq əlaqələri var idi. Ancaq elə ki, münasibətlər pozuldu, Kreml Türkiyənin Cənubi Qafqazdakı roluna və Azərbaycanı dəstəkləməsinə etiraz etməyə başladı.
Görünür, Rusiya-Türkiyə münasibətləri normallaşmayana qədər Moskva Ankara-Bakı əməkdaşlığını özü üçün təhlükə kimi görəcək. Halbuki, Türkiyə-Azərbaycan hərbi, siyasi, enerji və iqtisadi əlaqələri Rusiyanın əleyhinə deyil. Bu olsa-olsa işğalçı Ermənistanı narahat etməlidir. Ancaq indi Rusiyadakı bəzi dairələr bizə anlatmağa çalışırlar ki, Ermənistan elə Rusiyadır. Belədirsə, dövlət başçısı İlham Əliyevin də bir neçə il öncə vurğuladığı kimi, əgər Ermənistan forpostdursa, onda biz elə Dağlıq Qarabağ məsələsini Ermənistanla yox onun sahibi ilə müzakirə edək...
Elxan Şahinoğlu, xüsusi olaraq "Report" üçün.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/bundan-sonra-uorlikle-islemeyin-ne-menasi-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR