Bakı, 9 fevral, AzərTAc
Cari il fevralın 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yanvar ayında əlavə olaraq 17 min 417 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə DSMF-nun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,59 faiz artıb.
Fondun ictimaiyyətlə əlaqədar şöbəsindən AzərTAc-a bildiriblər ki, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 993 min 735 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 milyon 768 min 396 nəfər) kişi, 40,9 faizi (1 milyon 225 min 339 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,6 faizini (735 min 918 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22 faizini (658 min 637 nəfər) 30 yaşa kimi olan şəxslər, 21 faizini (631 min 124 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (632 min 222 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,2 faizini (335 min 834 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.