Santos qaldı, Meza Kolli ilə yollar ayrıldı

“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla da müqavilənin müddətini artırıb. Yeni anlaşma ilyarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayına qədər “qırmızı-qara” forma geyinəcək.

2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda komandanın heyətində meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.

Digər legioner Derlis Meza Kolli isə “Qəbələ”dən ayrılıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib. Mövsümün əvvəlindən “qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandanın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR