Bakı, 9 fevral, AzərTAc
Bakı Biznes Tədris Mərkəzi tərəfindən Şəkidə gənclərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, Bakı Biznes Tədris Mərkəzi Şəki nümayəndəliyinin təşkilatçılığı ilə “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzusunda keçirilən treninqdə iştirakçılara biznes-plan və onun bölmələri, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi metodikası və istehsalat planı barədə ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.