2016-cı ilin qeyri-iş günləri açıqlandı (FOTO)

2016-cı ilin qeyri-iş günləri açıqlandı (FOTO)
11:01 30 Dekabr 2015
720 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2016-cı ilin İş vaxtı norması və İstehsalat təqvimini təqsdiqləyib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, iş vaxtı norması və istehsalat təqvimi mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədinə xidmət edir.

İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, 2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8 Mart (Qadınlar günü), 20, 21, 22, 23, 24 mart (Novruz bayramı), 9 May (Faşizm üzərində Qələbə günü), 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) iş günü hesab edilmir.

2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.

Sənədə əsasən, 2016-cı ilin fevral ayı 29 təqvim günündən ibarət olduğuna görə il 366 təqvim günündən ibarət olacaq.


Təqvim

Gələn ildə beşgünlük iş həftəsində 243 iş günü (onlardan,6-sı bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var.

Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Növbəti ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2016-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1937 saat təşkil edəcək. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları, altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR