Bölgələrdə Həmrəylik Günü və Yeni ilə həsr olunan bayram tədbirləri keçirilib

08:43 31 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu-Şamaxı-İsmayıllı, 31 dekabr, AZƏRTAC
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Ağsuda təntənəli tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da şəhərin mərkəzindəki bayramsayağı bəzədilmiş Heydər parkına gələn rayon rəhbərləri, ictimaiyyətin çoxsaylı nümayəndələri əvvəlcə burada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra rayon mədəniyyət sarayında təntənəli yığıncaq keçirilib. Yığıncaqda “Heydər Əliyev: hamımızı birləşdirən azərbaycançılıq ideyası” mövzusunda məruzə dinlənilib. Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlər, ölkəmizin düçar olduğu dərin böhran şəraitində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev xalqı bir araya gətirmək, xaricdə Azərbaycan diasporunun formalaşdırılması və təşkilatlandırılması üçün fəal iş aparıb və öz məqsədinə nail olub. Bakıda dünya Azərbaycanlılarının qurultaylarının çağırılması, nəhayət 2007-ci il martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunun keçirilməsi mühüm hadisələr idi.
Məruzə və çıxışlardan sonra tədbir bayram konserti ilə davam etdirilib.
Heydər parkında yolka ətrafında şənlik keçirilib, uşaqlara Yeni il hədiyyələri paylanıb.
X X X
Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə qeyd olunub. 
Şəhərin mərkəzində bayramsayağı bəzədilən Heydər Əliyev parkında dekabrın 30-da keçirilən izdihamlı mərasimdə çıxış edənlər iştirakçıları təbrik edib, ümummilli lider Heydər Əliyevin azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıblar. Çıxışlarda Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayından, onun tarixi əhəmiyyətindən söhbət açılıb.
Diqqətə çatdırılıb ki, azərbaycançılıq və vətənpərvərlik prinsipləri bu gün dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram şənliyində musiqiçilərin, Şaxta babanın və Qar qızın, nağıl qəhrəmanlarının çıxışları iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.
Şənlikdə uşaqlara bayram hədiyyələri təqdim olunub.
X X X
İsmayıllıda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təntənəli mərasim keçirilib.
Çıxışlarda bu gün dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlıların bir mərkəzdə - azərbaycançılıq ideyası ətrafında sıx birləşmələri üçün ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uğurlu dövlət siyasətindən danışılıb. Vurğulanıb ki, Ulu Öndərin gərgin səyi nəticəsində yaranan, formalaşan və təşkilatlanan Azərbaycan diasporu bu gün hər yerdə ölkəmizin maraqlarını qoruyur.
Bayram şənliyi musiqiçilərin, rəqs qruplarının çıxışları ilə davam edib, müxtəlif viktorinalar keçirilib, qaliblər mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolgelerde_Hemreylik_Gunu_ve_Yeni_ile_hesr_olunan_bayram_tedbirleri_kechirilib-915699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR