Polşada I Avropa Oyunlarına həsr olunmuş xatirə lövhəsi qurulub

Polşada I Avropa Oyunlarına həsr olunmuş xatirə lövhəsi qurulub
20:43 12 Yanvar 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Varşava şəhərində yerləşən Olimpiya Mərkəzində Polşa Olimpiya Ailəsinin Yeni il görüşü keçirilib. Polşa Prezidenti Andjey Duda və xanımı Agata Kornhauser-Duda tədbirin fəxri qonaqları olublar.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Polşa Olimpiya Komitəsinin sədri cənab Andjey Kraşnitski, PR İdman və Turizm Naziri cənab Vitold Banka, Prezident administrasiyasının nümayəndələri, həmçinin bir çox diplomatik korpusların rəhbərləri, Polşanın Olimpiya və dünya çempionları və Polşa idmanını bir çox beynəlxalq yarışmalarda təmsil edən idmançılar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski 2015-ci ilin hesabatını apararaq Polşa idmanının əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.

A.Kraşnitski xüsusi olaraq Bakı-2015 ilk Avropa Oyunlarını qeyd edərək Avropa Oyunlarının yüksək səviyyədə təşkili, möhtəşəm idman bayramında hər bir ölkənin idman heyətinə göstərilən qayğı və diqqətə görə Azərbaycanın rəhbərliyinə, Avropa Oyunlarının Təşkilat Komitəsinə və Milli Olimpiya Komitəsinə təşəkkürünü bildirib və polşalı idmançıların Azərbaycandan 20 medalla geri döndüyünü vurğulayıb.

Tədbir zamanı, həmçinin Polşa Olimpiya Komitəsinin binasında Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş xatirə lövhəsinin açılışı olub. A.Kraşnitski Polşa nümayəndə heyətinin Avropa Oyunlarına hazırlığı dövründə Polşa Olimpiya Komitəsi ilə birlikdə idmançılara göstərilən kömək və dəstəyə, həmçinin xatirə lövhəsinin qurulması ilə bağlı təşəbbüsə görə Azərbaycan səfiri Həsən Həsənova təşəkkürünü bildirib.

Daha sonra söz Polşa Prezidenti A.Dudaya verilib. Dövlət başçısı Polşa Respublikası uğrunda çalışan və Polşa ictimaiyyətinə sevinc gətirən hər bir idmançıya, məşqçiyə, onların ailələrinə və dəstək olan hər bir şəxsə təşəkkürünü bildirib və Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında müvəffəqiyyətlər arzulayıb.

Tədbirin sonunda 2015-ci il ərzində fərqlənən idmançılara mükafatlar təqdim olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2479592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR