Hacıqabul, 11 fevral, AzərTAc
Fevralın 11-də Hacıqabulda 2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
AzərTAc xəbər verir ki, hesabat ilində rayonda bütün növ məhsul istehsalı həcminin artımından, istehsal sahəsində qeyri-dövlət sektorunun payının getdikcə çoxalmasından, kənd təsərrüfatı məhsulları istehsalının həcminin ildən-ilə yüksəldilməsindən, sənayenin inkişafı, emal müəssisələrinin sayının və gücünün artırılması sahəsində həyata keçirilən uğurlu tədbirlərdən, heyvandarlıqda qazanılan nailiyyətlərdən, sahibkarlığın inkişafından, təhsil, idman, məktəb tikintisi, sənaye obyektlərinin inşası, abadlıq, tikinti–quruculuq sahəsində əldə olunan nailiyyətlərdən, əhalinin təbii qaz, su, elektrik enerjisi ilə təchizatındakı vəziyyətdən və digər müsbət işlərdən açıq söhbət aparılan yığıncaqda yol verilən nöqsanlar da qeyd edilib.
Nəzərə çatdırılıb ki, müsbət işlərlə yanaşı, kənd təsərrüfatında bir sıra nöqsanlar da mövcuddur. İsti yay günlərində, suvarma suyuna tələbat artdığı vaxtlarda bir sıra təsərrüfatlar su çatışmazlığından əziyyət çəkir. Su bölgüsündə növbəlilik pozulduğundan əkinlər vaxtında suvarılmır və nəticədə məhsul itkisinə şərait yaranır. Bu vəziyyətin sahəyə cavabdeh olan rayon suvarma sistemləri idarəsi rəhbərliyini ciddi narahat etməli olduğu vurğulanıb. Rayon baytarlıq idarəsinin və gigiyena və epidemiologiya mərkəzinin işlərindəki nöqsanlar bu qurumların rəhbərlərinin nəzərinə çatdırılıb.
Hesabat yığıncağında Azərbaycan Prezidentinin kənd təsərrüfatı ili elan etdiyi 2015-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına uyğun olaraq rayonda bütün istehsal sahələrinin, xüsusilə də kənd təsərrüfatının inkişafına yeni təkan verilməsinin, onun modernləşdirilməsinin sürətləndirilməsinin, aqrar sektorda mövcud problemlərin həllinə maksimum səy göstərməyin vacibliyi vurğulanıb.