Tar ustası: Tarın ecazkar səsinə vurğunluğum məni bu sənətə gətirib

Tar ustası: Tarın ecazkar səsinə vurğunluğum məni bu sənətə gətirib
19:33 14 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 14 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan simli musiqi alətləri arasında ən mükəmməl və təkmil çalğı alətlərindən biri tardır. Əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilən tar bu gün də muğam sənətinin inkişafında müstəsna yer tutur. Tarın tarixi çox qədimlərə gedib çıxsa da, onun təkmilləşib müasir vəziyyətə çatmasında məhz Azərbaycanın musiqi beşiyi sayılan Qarabağ sənətkarlarının xüsusi rolu olub.
Qarabağın işğal edilməsi bütün sahələr kimi, mədəniyyətimizə, incəsənətimizə də ağır zərbələr vurub. Lakin qarabağlı tar sənətkarları qədim ənənələri qoruyub yaşadır, gələcək nəsillərə ötürürlər. Belə sənətkarlardan biri də Şuşa şəhərindən məcburi köçkün, 1992-ci ildən Bərdə rayonunun Mustafaağalı kəndində məskunlaşan Qurban Verdiyevdir.
Qurban Verdiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, tarın ecazkar səsinə vurğunluğu onu bu sənətə gətirib. 43 ildir tar düzəltməklə məşğuldur. Bu sənəti vaxtilə Şuşa şəhərində fəaliyyət göstərən Şərq Musiqi Alətləri Fabrikində öyrənib. Fabrikdə sənətin sirlərinə dərindən yiyələnərək, eyni zamanda kamança, saz, qaval, nağara və qoşanağara da düzəldib.
Tarın hazırlanmasından danışan usta Qurban bildirib ki, tarın çanaq hissəsi tutdan, digər hissələri isə qoz ağacından hazırlanır: “Çanaq ərik, qarağac və qoz ağaclarından da hazırlana bilər. Tarın aşıqlarını isə armud və qoz ağaclarından düzəltmək daha məqsədəuyğundur. Tarın qolu çanaq hissədən 1,5 dəfə uzun olmalıdır. Çanaq qış aylarında kəsilən yaşlı ağacdan düzəldilir. O, yonulduqdan sonra ən azı bir il ağac kəpəyinin içərisində qurudulur. Bu ona görədir ki, ağac quruyarkən çatlamasın. Tarın xərəkləri camış buynuzundan və sümükdən hazırlanır. Çanağa isə mal ürəyinin pərdəsi çəkilir. Bütün materiallar hazır olduqda tarı bir aya düzəltmək mümkündür. Ümumiyyətlə isə tar bir ildən çox vaxta ərsəyə gəlir”.
Onun sözlərinə görə, tarın düzəldilməsi məsuliyyət və diqqət tələb edir. İş zamanı gərək fikrin başqa yerdə olmasın. Kiçik bir səhv alətin korlanmasına səbəb ola bilər.
Usta Qurbanın Bərdə ilə yanaşı, qonşu Ağdam, Ağcabədi rayonlarından və Bakı şəhərindən də müştəriləri olur. Tarın qiyməti isə 250-800 manat arasında dəyişir. Ən böyük arzusu ürəkdən bağlandığı bu sənəti doğma şəhəri olan Şuşada davam etdirməkdir.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tar_ustasi_Tarin_ecazkar_sesine_vurgunlugum_meni_bu_senete_getirib-918521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR