Bakı, 11 fevral, Pərvanə İmanova, AzərTAc
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə keçiriləcək IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər keçirir.
ADMİU-dan AzərTAc-a bildiriblər ki, bu tədbirlərə muğamşünaslıqla bağlı elmi seminarlar, yaradıcı işlər, ustad dərsləri daxildir. Universitetdə artıq “Muğamşünaslığın aktual problemləri” mövzusunda iki seminar keçirilib. Seminarda ADMİU-nun müəllimləri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının muğamşünaslığa həsr olunan maraqlı məruzələri dinlənilib, müzakirələr aparılıb.
Fevralın ikinci həftəsindən isə universitetdə ustad dərsləri və yaradıcılıq işlərinə başlanacaq. Azərbaycanın yeddi əsas muğam dəstgahı hər həftə ardıcıl olaraq ADMİU-nun müəllim və tələbələrinin ifasında muğamsevərlərə təqdim ediləcək. Silsilə muğam tədbirləri “Rast dəstgahı”nın təqdimatı ilə başlanacaq. Bu dəstgah xalq artisti, professor Canəli Əkbərov, əməkdar artistlər Bəsti Sevdiyeva, Zakir Əliyev və onların tələbələrinin ifasında təqdim olunacaq. Sonrakı həftələrdə isə xalq artistləri Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Simarə İmanova, əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və tələbələrin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, musiqi sənəti fakültəsinin muğam sənəti və xalq çalğı alətləri İfaçılığı kafedrasının müəllim və tələbələrinin iştirakı ilə keçirilən bu silsilə tədbirlər festival başlayanadək davam edəcək.