Praqa, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Praqada 20 Yanvar faciəsi ilə bağlı yerli jurnalistlər üçün “dəyirmi masa” keçirilib.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tərəfindən təşkil edilən tədbirdə o, 20 Yanvar faciəsi haqqında jurnalistlərə ətraflı məlumat verib.
Səfir sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncəki və sonrakı hadisələrin tarixi haqqında söhbət açıb. Diplomat faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirib.
Səfir 20 Yanvar faciəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri haqqında da danışıb, jurnalistlərin suallarını cavablandırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa