Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın Aqrar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bölmənin akademik-katibi, akademik Qərib Məmmədov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Əvvəlcə bölməyə daxil olan institutlarda fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantların mövzuları müzakirəyə çıxarılıb və təsdiqlənib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya dair institutların yekun hesabatları müzakirə olunub.
Sonra bölmənin tərkibindəki institutların direktorları tədbirlər planına uyğun olaraq, rəhbərlik etdikləri elmi müəssisələrdə görülən işlər barədə məlumat veriblər.
Akademik Q.Məmmədov görülmüş işlərə dair yekun hesabatların bölməyə təqdim edilməsi ilə bağlı tapşırıqlarını verib.
Sonda Aqrar Elmlər Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı müzakirə edilib.