Tokio, 21 yanvar, AZƏRTAC.
Yeni regional iqtisadi birlik olan Trans –Sakit okean Tərəfdaşlığı üzrə razılaşma iştirakçı ölkələr tərəfindən fevralın 4-də Oklenddə imzalanacaq. Bu barədə Yeni Zelandiyanın ticarət və dövlət müəssisələri naziri Todd Makkley məlumat verib.
Kyodo agentliyinin bildirdiyinə görə, nazir deyib: “Yeni Zelandiya TPP üzvü olan ölkələrin nazirlərinə Oklenddə imzalanma mərasiminə dəvət məktubu göndərib. Bu hadisə TTP üzrə danışıqlar prosesini başa çatdıracaq. Razılaşma 12 iştirakçı ölkə tərəfindən imzalandıqdan sonra müvafiq ratifikasiya prosesi başlanacaq. Buna təqribən 2 il vaxt sərf olunacaq və sonra müqavilə qüvvəyə minəcək”.
Trans-Sakit okean Tərəfdaşlığı Asiya-Sakit okean regionunda ticarətə və xidmətə gömrük rüsumlarının tamamilə ləğvini nəzərdə tutan ticarət paktıdır. Razılaşmada 12 ölkə - Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Yaponiya iştirak edirlər.
Xəbər verdiyimiz kimi, yeni ticarət paktı barədə razılaşma ötən ilin oktyabrında ABŞ-ın Atlanta şəhərində aparılmış danışıqlar nəticəsində əldə edilib. Razılaşmaya iştirakçı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün aparılmış uzunmüddətli müzakirələrdən sonra nail olunub. Bu, əsasən kənd təsərrüfatı məhsullarının, avtomobil hissələrinin, dərmanların ixracı və idxalı, həmçinin əqli mülkiyyət sahələrində qaydalarla əlaqədar idi. Bundan sonra bir sıra ölkələr, o cümlədən Banqladeş, Hindistan, İndoneziya, Kolumbiya, Laos, Koreya Respublikası, Tailand, Filippin də TPP-yə maraq göstərməyə başlayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio