Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətində (DMX) 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirədə xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib.
Xidmət rəisi deyib ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır.