Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda aparılan laborator tədqiqatlar nəticəsində A(H1N1) virusu aşkar edilməyib, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, PZR (Polimeras zəncirvari reaksiya avadanlığı) və digər müasir avadanlıqla təchiz edilmiş virusoloji laboratoriyalarda 200-dən artıq şübhəli xəstədən götürülmüş nümunələrin müayinəsi təşkil olunub. Yalnız yanvar ayı ərzində ixtisaslaşdırılmış tibb müəssisələrində 100-dən artıq ağır formada kəskin respirator virus infeksiyalı şəxs müalicə olunaraq sağaldılıb. İxtisaslaşdırılmış müəssisələrdə ağır kəskin respirator viruslu xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb, səhiyyə müəssisələri epidemik virusa qarşı dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunub.
Epidemioloji prosesə dinamik müşahidənin aparılması məqsədilə respublikanın iri şəhərlərində kəskin respirator virus infeksiya üzərində gündəlik monitorinq aparılır və nəticələr təhlil edilir. Mövsümlə əlaqədar xəstəliyin bir qədər artmasına baxmayaraq, onun səviyyəsi epidemioloji həddən aşağıdır.
Bizi Twitter-dən izləyin: @trend_az