Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə məlumatların toplanması məqsədilə ölkəmizdə səfərdə olan məsləhətçilərdən ibarət missiyası birgə seminar keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda iştirak edən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşları Ryuiçi Hara, Hideki Araki, Tsutomu Kurihara və Kazuto Suzuki səfər çərçivəsində yanvarın 16-dan başlayaraq Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzində görüşlər keçirib, müvafiq sorğular aparıblar.
Zəlzələ və digər təbii fəlakətlərlə bağlı texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəylərin təqdim olunması məqsədilə keçirilən seminarda həmin qurumların əməkdaşları iştirak ediblər.
Seminarda çıxış edən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov tədbir iştirakçılarına fəlakətlərin idarə olunması və qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Nigar İsmayılova agentliklə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlıqdan bəhs edib.
Məsləhətçilər qrupu adından çıxış edən Tsutomu Kurihara Yaponiyanın fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə təcrübəsi, həmçinin zəlzələ və digər təbii fəlakətlərə cavab olaraq texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəyləri Azərbaycan tərəfinə təqdim edib.
Sonra mövzularla bağlı fikir mübadiləsi aparılıb.