Bakıda Taxıl Kombinatının meneceri Qalib Bağırovu qətlə yetirməkdə şübhəli bilinənlər tutulub.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər - Mahurə Heydərəli qızı Hüseynova, Ehtiram Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyevdir.

Saxlanılan Mahnurə Hüseynova mərhumun tanışı olub və adıçəkilən şəxslərlə əlbir olaraq qətli tamah məqsədi ilə törədiblər.

Taxıl Kombinatının rəhbərinin qətlinə görə qadın tanışı tutuldu
Qalib Bağırov - Qətlə yetirilən menecer

Qətl hadisəsi yanvarın 8-də Bakının Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsi Bağlar massivi adlanan ərazidə yaşayan qəsəbə sakini 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Qətli törədən şəxs və ya şəxslər evin altını-üstünə gətiriblər. Mərhumun meyitini isə qonşular aşkar ediblər. Məlumata görə öldürülən şəxsə 3 bıçaq zərbəsi endirilib.

Qalib Bağırov qətlə yetirildiyi evdə tək yaşayırmış. Öldürülən Qalib Bağırov paytaxtdakı Taxıl Kombinatının baş meneceri olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.