Roma, 12 fevral, AzərTAc
Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi (TMİİB) ilə İnfeksion xəstəliklər və immunoloji pozğunluqlar üzrə Dünya Assosiasiyası (WAİDİD) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə qərargahı Milanda yerləşən Assosiasiyanın rəsmi internet səhifəsində və İtaliyanın səhiyyə ilə bağlı ən son məlumatların yer aldığı “İn salute news” saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan və İtaliya arasında uzun illərdir mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr hər iki ölkənin elmi dairələrinin əməkdaşlığına da müsbət təsir etməkdədir. Bu baxımdan TMİİB ilə WAİDİD arasında imzalanmış tərəfdaşlıq müqaviləsi mühüm önəm kəsb edir.
Sənəd əsasən infeksion xəstəliklər və immunoloji pozğunluqlar sahəsində birgə elmi araşdırmaların aparılmasını, insanların bu problemlərlə bağlı daha geniş məlumatlandırılmasını və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsini əks etdirir.
Məlumatda WAİDİD-in sədri, professor Susanna Espositonun bu fikirlərinə də yer verilib: “Azərbaycanla bu istiqamətdə əməkdaşlıq əlaqələri qurmaqdan qürur duyuram. Bu tərəfdaşlıq infeksion xəstəliklər və immunoloji pozğunluqlar sahələrində hər iki ölkədə birgə treninqlərin təşkilinə, elmi araşdırmaların aparılmasına imkan verəcək. Sənəd çərçivəsində azərbaycanlı tibb işçilərinin Milanda treninqlərə qatılmaları və ölkələrimizdə beynəlxalq elmi seminarların birgə təşkili nəzərdə tutulub”.
Yazıda Azərbaycan Tibb Universitetinin mikrobiologiya kafedrasının müdiri, TMİİB-nin sədri, professor Zakir Qarayevin fikirləri də yer alıb. O, rəhbərlik etdiyi qurumun WAİDİD ilə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, əsas hədəf dünyanın bütün ölkələri, o cümlədən İtaliya ilə səhiyyə sektorunda münasibətləri genişləndirməkdir: “Əminəm ki, birgə reallaşdıracağımız layihələr ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfə verəcək”.
Məlumatda o da qeyd olunur ki, gələn ilin fevralında Milanda WAİDİD-in illik konfransı keçiriləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan aparıcı mütəxəssislərin iştirakı nəzərdə tutulub.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma