“Anadolu” agentliyi əməkdaşının yerli mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyədən Hələbə humanitar yardım daşıyan TIR konvoyu Rusiya hərbi hava donanmasına aid qırıcılar tərəfindən bombalanıb.
Bombardımandan sonra TIR-lar yanıb və avtomobillərdə olan yardım vasitələri istifadəyə yararsız hala düşüb. Hadisə zamanı 12 humanitar yardım könüllüsü yaralanıb, onlardan ikisi xəstəxanaya aparılarkən yolda ölüb.
Ötən ilin sentyabr ayından Rusiya prezidenti Vladimir Putinin əmri ilə bu ölkənin hərbi aviasiyası Suriyada hərbi əməliyyatlara başlayıb. Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə həyata keçirilən əməliyyatların İŞİD terror qruplaşmasına qarşı keçirildiyi iddia edilsə də rus qırıcılarının əsasən Əsəd müxaliflərini və mülki əhalini bombaladığı iddia olunmuşdu.