A–
Bakı, 1 fevral, AZƏRTAC
Xəbər verildiyi kimi, 10 vaqondan və hər biri 40 futluq 20 konteynerdən ibarət olan, yeni İpək Yolu marşrutu ilə (Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin) hərəkət edən sınaq qatarı yanvarın 31-nə keçən gecə son məntəqəyə - Qazaxıstan dəmir yolunun Çin Xalq Respublikası ilə sərhəddə yerləşən “Dostık” stansiyasına çatıb.
Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında bildirilir ki, marşrutun qət edilmə müddəti əvvəlcə elan edilmiş 11-12 sutka əvəzinə 15,5 sutka olub. Gecikmələrə səbəb Qara dənizdə fırtına və Qazaxıstan ərazisindəki Janaarka stansiyasında Qazaxıstan tərəfə ödəniş əməliyyatlarının razılaşdırılmaması olub.
Məlumatda deyilir: “Sınaq reysi zamanı qrafikdə bu cür dəyişikliklərin olması normal haldır. Bu reysin məqsədi məhz iştirakçı ölkələrin hər birində qatarın operatorları tərəfindən marşrutun birgə nizamlanmasıdır. Sınaq reysi yarana biləcək “zəif yerləri” aşkar etməyə və gələcəkdə belə hallardan çıxış yollarını anlamağa kömək edib. Qatar yeni İpək Yolu marşrutu üzrə müntəzəm hərəkətə başlayandan sonra belə məqamlar daşımaların logistikasını təkmilləşdirmək üçün əsas olacaq”.
Nazirliyin məlumatına görə, qatar hazırda “Dostık” stansiyasındadır. Növbəti mərhələdə əks istiqamətdə daşınacaq mallar qatara yüklənəcək.